Xalq artisti Nurəddin Mehdixanlı 1956-cı ildə Cəlilabad rayonunun Tahirli kəndində dünyaya göz açan Nurəddin Mehdixanlının ömür yolu Azərbaycan mədəniyyətinə, teatr sənətinə və milli sənət dəyərlərimizə sədaqətlə xidmət nümunəsidir. Kənd mühitindən böyük sənət dünyasına uzanan bu yol istedadın, zəhmətin, iradənin və sənətə sonsuz bağlılığın parlaq ifadəsidir.
Nurəddin müəllim Azərbaycan teatrının ən möhtəşəm səhnələrində yaratdığı çoxsaylı obrazlarla özünəməxsus aktyor məktəbi formalaşdırmış, hər bir obrazına fərdi nəfəs, xarakter və milli ruh gətirmişdir. Onun səhnədə canlandırdığı tarixi şəxsiyyətlər, dövlət xadimləri, sərkərdələr və mürəkkəb xarakterli qəhrəmanlar tamaşaçı yaddaşında dərin iz buraxmışdır.
Cavad xan, Əmir Teymur, Hacı Zeynalabdin Tağıyev, Xan, Gur Şad, Şəmistan ağa, Bəbir bəy və digər yaddaqalan obrazlar Nurəddin Mehdixanlının yaradıcılıq bioqrafiyasının parlaq səhifələridir. Bu obrazların hər birində sənətkarın güclü səhnə plastikası, ifadəli səsi, aktyor intuisiyası və milli düşüncəsi özünü aydın göstərir.
Nurəddin Mehdixanlının sənət fəaliyyəti yalnız teatr səhnəsi ilə məhdudlaşmır. O, Azərbaycan kinosunda və televiziya sənətində də bir sıra yaddaqalan obrazlar yaradaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Onun sənətində səhnə mədəniyyəti ilə yanaşı, Vətənə, tarixə, milli-mənəvi dəyərlərə və Azərbaycan dövlətçiliyinə bağlılıq xüsusi yer tutur.
Bu zəngin və çoxşaxəli yaradıcılıq yolu dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Nurəddin Mehdixanlı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar artisti və Xalq artisti fəxri adlarına layiq görülmüş, müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatları və Prezidentin fərdi təqaüdü ilə təltif edilmişdir. Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə də yüksək qiymətləndirilmişdir.
Bütün bu təltiflər, fəxri adlar və mükafatlar, əslində, bir ömrün sənətə həsr olunmuş illərinin dövlət səviyyəsində verilən qiymətidir. Lakin sənətkar üçün ən böyük mükafat, şübhəsiz ki, xalqın sevgisi, tamaşaçının alqışı və yaratdığı obrazların illər keçdikcə yaşamasıdır.
Əziz Nurəddin müəllim!
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, könül rahatlığı və tükənməz yaradıcılıq enerjisi arzulayıram.
Qoy bundan sonrakı illəriniz də sənət uğurları, xoş günlər, doğmalarınızın sevgisi və xalqımızın ehtiramı ilə zəngin olsun!
Qoy Cəlilabadın Tahirli kəndindən böyük Azərbaycan səhnəsinə uzanan şərəfli sənət yolunuz gələcək nəsillər üçün də örnək olaraq yaşasın!
