Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Tarixi tənqidçilər” – məktəblilərin media savadlılığının artırılmasına dəstək layihəsi çərçivəsində “Tariximizə ekskursiya” adlı info tur təşkil olunub.
Layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edən şagirdlər arasından simulyativ tapşırıqlarda ən fəal olan iştirakçılar info turda iştirak ediblər. Ekskursiyanın əsas məqsədi şagirdlərdə əyani müşahidə əsasında tənqidi düşünmə bacarıqlarını daha da inkişaf etdirmək olub.
Ekskursiya çərçivəsində Qobustan Milli Parkı, İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ziyarət olunub. Səfər zamanı şagirdlər mediada tarixi məkanlar haqqında təqdim olunan məlumatları real müşahidələrlə müqayisə etmək imkanı əldə ediblər ki, bu da onların tənqidi təfəkkürünün inkişafına müsbət təsir göstərib.
Xatırladırıq ki, “Tarixi tənqidçilər” qrant layihəsi Gülnar Aslanova tərəfindən idarə olunur və Cəlilabad rayonunun 5 ümumtəhsil məktəbində icra edilir. Layihənin əsas məqsədi məktəblilərdə tarixi mövzular üzrə tənqidi yanaşmanı gücləndirmək və media məlumatlarını düzgün qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir.
