Şəhid Röyal Nəsirovun məzarı xiyarət olunub

Aprel döyüşlərinin tarixi qələbəsinin 10-cu ildönümü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərov, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Qabil Rzayev və şəhid valideynləri Aprel döyüşləri şəhidi Nəsirov Röyal İmran oğlunun məzarını ziyarət etmişdir.

Ziyarət zamanı Vətən uğrunda canından keçən şəhidimizin məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur. Şəhidin şərəfli həyat yolundan danışılmışdır.

Rayon rəhbəri Aprel döyüşlərinin xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını, əldə olunan qələbənin və Vətən Müharibəsində qazanılan Şanlı Zəfərin mühüm təməlini təşkil etdiyini qeyd etmişdir.

Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2 aprel 2016-cı ildə Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur. Aprelin 9-da Röyal Nəsirovun nəşi doğulduğu Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.

Exit mobile version