Bu gün, bəzi media resurslarında və sosial şəbəkələrdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Qamışlıgöl kənd sakinləri ilə keçirdiyi səyyar qəbul barədə qərəzli və həqiqəti əks etdirməyən fikirlər səsləndirilib.
Guya görüş zamanı icra başçısının kölgədə əyləşdiyi, vətəndaşların isə günün altında saxlanıldığı iddia olunub,bu nə yanaşma tərzidir,bu qədər əsassız tənqidi fikirlərə nə ehtiyac var?
Məsələ ilə bağlı saytımıza rayonun ictimai fəalı Elçin Hüseynov bildirib ki, “Bu iddialar reallığı əks etdirmir və hadisə məqsədli şəkildə fərqli rakursdan təqdim edilir.
Adətən kəndlərdə keçirilən səyyar qəbullar 2–2.5 saat davam edir. Paylaşılan şəkillərə diqqətlə baxıldıqda da aydın görünür ki, görüşün əvvəlində iştirakçıların hamısı kölgəlik hissədə əyləşiblər.
Görüş davam etdikcə havanın təbii dəyişməsi, günəşin istiqamətinin dəyişməsi və buludların hərəkəti nəticəsində bəzi hissələr günəş altında qalıb. Bu isə açıq havada keçirilən bütün tədbirlərdə rast gəlinən adi haldır.
Bir neçə şəkil üzərindən manipulyasiya apararaq məsələni şişirtmək və bunu insanlarda yanlış fikir formalaşdıracaq şəkildə təqdim etmək düzgün yanaşma deyil. Əsas məsələ səyyar qəbulun keçirilməsi, vətəndaşların problemlərinin dinlənilməsi və onların müraciətlərinə həssas yanaşılmasıdır.
Rafiq müəllim sadəliyi, təvazökarlığı və vətəndaşlarla səmimi münasibəti ilə seçilən rəhbərlərdən biridir. O, mütəmadi olaraq kəndlərdə sakinlərlə birbaşa görüşlər keçirir, problemləri yerində dinləyir və onların həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verir.
Bu səbəbdən də məsələyə qərəzsiz yanaşmaq, bir neçə görüntü üzərindən yanlış rəy formalaşdırmamaq və görülən işlərin mahiyyətinə diqqət yetirmək daha doğru olardı.”
