Pezeşkiandan Azərbaycanla bağlı tarixi həmlə – “Əgər bu baş verərsə…”

İran Prezidenti Məsud Pezeşkianın konstitusiyanın 15-ci maddəsi ilə bağlı verdiyi söz gerçəkləşə bilər. Belə ki, Pezeşkian son müsahibəsində etnik azlıqların ana dilində təhsil almasının mümkünlüyündən danışıb.

 

Bu baş verərsə, nəticəsi necə olacaq?

 

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, əvvəllər İranda ayrı-ayrı ziyalılar Azərbaycan dilində məktəblər açıb:

 

 

“Onlar bunu öz hesablarına ediblər. Bu məktəblərə Tehran hakimiyyəti təzyiq edib. Ümumiyyətlə, dilin bazarı olmalıdır. Əgər bu dil məhəlli olacaqsa və ancaq ayrı-ayrı yerlərdə danışıq dili kimi istifadə olunacaqsa, o dilə maraq olmayacaq.

 

İranda 30 milyondan çox Azərbaycan türkü var. Bu, İran cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edir. Odur ki, Azərbaycan dilinin bazarı ancaq onun dövlət səviyyəsində tətbiqi halında ola bilər. Əks təqdirdə dilə maraq azalacaq və hakimiyyət “İranda türklər öz dilini öyrənmək istəmir” deyəcək. Həm də Azərbaycan türkcəsinin tədrisinin mənasız olduğu nəticəsinə gəlinə bilər”.

 

Politoloq bildirib ki, uzun illərdir Azərbaycan milli hərəkatının əsas tələbi Azərbaycan dilinin tədrisidir:

 

“Söhbət Azərbaycan ədəbi dilinin tədrisindən gedir. İran hakimiyyəti bu şüarı, tələbini azərbaycanlıların əlindən alıb hərəkatdan qabaq hərəkat yaratmaq niyyəti ilə Pezeşkianın dili ilə saxta dil məsələsini qabardır. Yəni Məsud Pezeşkian vasitəsilə Azərbaycan dilinin tədrisinin olacağını deyir.

 

Pezeşkianın dedikləri sadəcə avantüradır. Bu yolla Azərbaycan türklərinin şüarını, tələblərini əllərindən alıb, onu eybəcər şəkildə həyata keçirmək istəyirlər. Bununla da Azərbaycan türkcəsinin İranda əhəmiyyətsiz olduğu göstərilməyə çalışılır. Pezeşkian da bu oyunun iştirakçısıdır.

 

Onun hökuməti konstitusiyanın 15-ci maddəsini gerçək anlamda tətbiq edə bilməyəcək. Pezeşkian Azərbaycan dilinin dövlətin rəsmi dili kimi tətbiq edilməsini həyata keçirməyə çalışarsa, bu, daha çox alqışlanar. Bu, Azərbaycan türkünün haqqının müəyyən hissəsinin verilməsi deməkdir”.

 

S.Soltan qeyd edib ki, M.Pezeşkianın avantürası milli oyanışa heç bir töhfə verməyəcək:

 

“Pezeşkiandan öncə Məhəmməd Xatəmi də “mədəniyyətlərarası dialoq” “milli mədəni haqların verilməsi” ilə bağlı çıxışlar etmişdi. Bunun nəticəsi olmadı. Daha sonra prezidentliyinin ikinci dönəmində iqtisadi proqramlar irəli sürdü.

 

İran hakimiyyəti dil ilə bağlı heç bir addım atmayacaq. Attığı addımlar da ala-yarımçıq olacaq. Pezeşkian milli hərəkatın lideri ola bilməz. O, “Hizbullahçı”dır. “Hizbullahçı” isə öz proqramını Ayətullah Seyid Əli Xameneinin xeyir-duası və istəklərindən artıq həyata keçirə bilməz. Pezeşkian “Hizbullahçı” kimi bu rejmin balasıdır, bu rejimə xidmət edəcək.

Pezeşkianın dil məsələsi və mis-qızıl mədənləri ilə bağlı dedikləri də blefdir. Bütün bunlar azərbaycanlıları özlərinin sosial bazası kimi istifadəyə hesablanan uydurulmuş məsələdir. Pezeşkian hökumətinin həyata keçirmək istədiyi bir sıra iddialar var ki, onun arxasında sosial baza olmalıdır. SEPAH və Bəsic bütövlükdə Xameneinin arxasındadır. Rejimin arxasında sosial baza azdır. Bütövlükdə rejim Pezeşkianın vasitəsilə azərbaycanlıları mövcud İran hakimiyyətinin sosial bazasına çevirmək istəyir. Dil, mis-qızıl mədənləri ilə bağlı deyilənlər isə bu avatüranın həyata keçməsi üçün vasitələrdir”.

Politoloq vurğulayıb ki, Pezeşkianın bu yaxınlarda ala-yarımçıq Azərbaycan türkcəsində verdiyi açıqlama daha çox avantürist çıxışa oxşayır:

“Çünki İran konstitusiyasının 15-ci maddəsi yarımçıqdır. Bu maddədə bildirilir ki, rəsmi dövlət dili fars dili və əlifbasıdır. Başqa dillər isə konstitusiyada regional dil olaraq qeyd edilib. Bu dillər sərbəstdir. Bu deməkdir ki, Azərbaycan əyalətlərində Azərbaycan türkcəsi fakültətiv ola bilər, qəzetlər çıxa bilər, televiziya-radio verilişləri yayımlana bilər və s. Bundan başqa, Pezeşkianın müsahibəsində Süngün mis mədəni və Əhər şəhərindəki qızıl mədənləri ilə bağlı məsələlər də var. Bunların həyata keçməsi mümkünsüzdür.

Çünki Güney Azərbaycanda uzun illərdir azərbaycanlılar Süngün mis və Əhərdəki qızıl mədənindən gələn gəlirlərin regionda qalmasını, yeni iş yerlərinin açılmasını tələb edirlər. Amma indiyə qədər bu tələblərin heç biri islahatçı və ya mühafizəkar prezidentlər tərəfindən həyata keçməyib.

Pezeşkian da buna oxşar müddəaları vurğulayır və eyham edir ki, “2026-cı ildə İranı regionun aparıcı ölkəsi etmək istəyirdik, amma şərait və vəziyyət buna imkan verməyəcək”. Pezeşkian bununla özünü sığortalayır. Digər məsələlərdə də deyir ki, biz bunu etmək istəyirik, inşallah, məyus olmarıq. Burada da Məsud Pezeşkian özünü sığortalayır.

Dünyada Azərbaycan dili deyilən dil akademik səviyyədə ancaq Azərbaycanda tədris olunur. Eynən Türkiyədə Türkiyə türkcəsi, Qazaxıstanda qazaxca tədris olunduğu kimi. Azərbaycan türkcəsinin əlifbası latın qrafikasıdır. İran hakimiyyəti Azərbaycanda tədris olunan akademik dilin İranda tədrisinə icazə verəcəkmi? Pezeşkian hökumətinin bununla bağlı proqramı varmı? Dərs üçün vəsait, kadr varmı?

Bu çoxsaylı suallardan heç birinin cavabı İranda yoxdur. İran hakimiyyəti konstitusiyanın 15-ci maddəsini ala-yarımçıq həyata keçirməyə cəhd etməsi Güney Azərbaycan türklərini aldatmaqdır. Çünki milli hərəkatın əsas tələbi İranda Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasıdır. Konstitusiyada isə bu məsələ fakültətiv dil kimi görsənir. Yəni Azərbaycan türkcəsini istəyən oxuya, istəməyən oxumaya bilər. Fars dili isə məcburidir. Nəticə etibarilə İran konstitusiyasının 15-ci maddəsi ala-yarımçıqdır.  Pezeşkian bunu yarımçıq həyata keçirib, sonra iddia edəcək ki, türklər ana dilində oxumaq istəmirlər”.

Turan Rzayev
Globalinfo.az

Exit mobile version