Paşinyan Azərbaycana dəhliz verəcək – Başqa cür ola da bilməz…

Ermənistanın “Hraparak” nəşri Zəngəzur dəhlizindən yazıb. Qəzet bildirib ki, Ermənistanın Naxçıvan, Zəngəzur və Azərbaycandan keçməklə Rusiya, Avropa İttifaqı və İrana çıxmaq imkanı ola bilər. Nəşrin qeyd etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq “yol” adlanacaq:

“Son günlər güc dairələrində belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu daha qısa müddətə – cəmi 3 və ya 5 ilə təmin edəcək”. Son günlər erməni rəsmilərinin Zəngəzur dəhlizi məzmunlu açıqlamalarının sayı artıb. Bu məsələnin yaxın günlərdə Moskvada baş tutacaq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşündə müzakirə olunacağı deyilirdi. Lakin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Zəngəzur dəhlizinin müzakirəsi Ermənistanın “qırmızı xətti”dir. O, bu məsələnin XİN başçılarının üçtərəfli görüşündə müzakirə mövzusu olmayacağını deyib.
DİA.AZ-ın məlumatına görə, BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizi Ermənistanın inkar edə bilməyəcəyi reallıqdır. Politoloqun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti 2020-ci ildə imzalanmış 10 noyabr müqaviləsinin 9-cu bəndinə, yəni Zəngəzur dəhlizinin icrasına imza atıb:

“İndi bu əraziyə “yol”, yaxud “dəhliz” deyilməsi texniki məsələdir. Əsas odur ki, yolda gediş-gəliş maneəsiz olsun. Eyni şərt Laçın-Xankəndi yolu üçün də nəzərdə tutulur. Amma burada fərq var. Azərbaycan Laçın yolunun təhlükəsizliyinə üçtərəfli müqavilənin 6-cı bəndinə əsasən, təhlükəsizlik təminatı verir. Yəni Laçın yolunun təhlükəsizliyinə Azərbaycan da cavabdehdir. Yolun Ermənistanla sərhədində keçid-buraxılış məntəqəsi yaratmaqla təhlükəsizliyə təminat yaradırıq. Zəngəzur dəhlizindən maneəsiz istifadəyə Ermənistan təminat verməli olsa da, dəhlizin təhlükəsizliyini birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Bunlar məsələnin hüquqi tərəfləridir. Moskvada XİN rəhbərlərinin baş tutacaq görüşündə müzakirə olunacaq məsələlərin nəticə verməsi üçün tərəflərin hər biri öz öhdəliklərini anlamalı və ona əməl etməlidirlər. Əslində burada mübahisə, narazılıq doğuran məqamlar olmamalı idi. Çünki tərəflər üçtərəfli bəyanata imza atmaqla, əslində, Zəngəzur dəhlizinə öz münasibətlərini bildiriblər. Yenidən “Amerika kəşf etməyə” ehtiyac yoxdur. Yeni fikirlər ortaya atmaq isə məsələnin həllindən yayınmaq və problemi uzatmaq məqsədi güdür”.

Obyektivtv.az

Exit mobile version