Çimərlik qiymətləri yenə artdı – Ekspert səbəbləri sadaladı
“Siyahıdan da göründüyü kimi, Bakıda 10-a yaxın çimərlik fəaliyyət göstərir. Xəzər dənizi sahili boyunca daha çox çimərlik olsaydı, qiymətləri bu səviyyədə saxlamaq mümkün olmazdı. Müştəri sayının azalması qiymətlərin aşağı düşməsinə səbəb olardı”.
Obyektivtv.az xəbər verir ki,bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli çimərlik xidmətlərinin qiymətlərinin ötən illə müqayisədə bahalaşmasının səbəblərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, çimərlik mövsümünün qısa olması sahibkarların xərclərinin artmasına və qiymətlərin yüksəlməsinə təsir göstərir:
“Tələbin artması qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan turizminin əsas problemlərindən biri turizm mövsümünün qısa olmasıdır. Məsələn, biz tez-tez Misir və Türkiyə ilə qiymət müqayisəsi aparırıq. Türkiyədə çimərlik mövsümü mayın əvvəlində başlayır, oktyabrın əvvəlində başa çatır. Beləliklə, təxminən altı aylıq aktiv mövsüm formalaşır. Bu da qiymətlərin daha optimal səviyyədə müəyyənləşdirilməsinə imkan verir. Bir halda gəlir iki ay ərzində əldə edirsən, digər halda isə altı ay ərzində. Sahə gəlirli olduğundan daha çox sahibkar bazara daxil olur, rəqabət güclənir və qiymətlər optimallaşır. Azərbaycanda isə sahibkarlar illik xərclərini iki-üç ay ərzində qarşılamağa çalışdıqları üçün qiymətlər yüksəlir”.
