“Cənab Prezident İlham Əliyevin 9 və 10 may tarixlərində Cəbrayıl və Zəngilana səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim artıq zəfər meydanımız da, qələbə qürurumuz da Qarabağdır. Deməli, cənab İlham Əliyev zamanı və məkanı tələsmədən, heç gecikmədən korrekt şəkildə müəyyənləşdirən liderdir. Baş tutan hər bir səfər, müəyyənləşdirilən hər bir gündəlik koordinasiyalı işin və strateji planlamanın məhsuludur”.
Obyektivtv.az Globalinfo.az-a istinadən xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova belə deyib.
Politoloq bildirib ki, Cəbrayıl və Zəngilandan verilən mesajlar həm daxili, həm də xarici auditoriya üçün mühüm əhəmiyyət kəsb edir:
“İfadə edilən fikirlərin hər biri sözbəsöz strateji yol xəritəsidir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüş, rayonun tarixinə, təsərrüfatına və məşğulluğuna dair aparılan müzakirələr ondan xəbər verir ki, cənab Prezident İlham Əliyev Qarabağın bərpası işində hər bir detalla şəxsən maraqlanır və bu prosesi şəxsi nəzarətsiz saxlamır.
Şükürbəyli kəndi qədər bütün Qarabağ bizim şükür duyduğumuz yerlərdir. Ona görə ki, biz bu torpaqları qanımız və canımız bahasına geri qaytarmışıq, heç bir tərəfin güzəşti hesabına deyil. Bu amillərin hər birinə dövlət başçımız Zəngilan şəhərində də dəqiqliklə və müfəssəl şəkildə toxundu.
Cəbrayıl sakinləri ilə görüş zamanı dövlət başçımız bir daha Ermənistan dövlətinin işğal dövründə nümayiş etdirdiyi yanaşmanı ortaya qoydu və bildirdi ki, düşmən bir dənə də olsun daşı daş üstündə qoymamışdı. Vaxtilə Ermənistanın Baş naziri Nikol Paşinyan Cəbrayıla yol çəkmək istəyirdi. Onların mənfur əməlləri kimi, bütün planlarının və yollarının da üstündən xətt çəkdik. Ağdam kimi, Cəbrayılı da demək olar ki, yerlə-yeksan etmişdilər”.

Şəbnəm Həsənova
Politoloq qeyd edib ki, Ermənistan dövləti havadarlarının dəstəyi ilə Zəngilanda qanunsuz məskunlaşma aparırdı:
“Bununla da bölgənin demoqrafik balansını süni şəkildə, kobudcasına pozmaq istəyirdilər. Bu, Qərbin bəzi dövlətlərinin tətbiq etdiyi yanaşmanın təzahürü idi. Məsələn, Fransa da Yeni Kaledoniya əhalisinin demoqrafik balansını gəlmələr hesabına dəyişməyə çalışır.
Cəbrayıl istər kənd təsərrüfatı, istərsə də logistika imkanları baxımından xüsusi əhəmiyyətə malik regiondur. Cəbrayılda yeni yollar çəkilir. Bu yol Zəngəzur dəhlizinin bir komponenti olmaqla Ermənistan sərhədinə qədər uzanacaq.
Dövlət başçımız haqlı olaraq bildirdi ki, Azərbaycanın Qələbəsinin müasir tarixdə tayı-bərabəri yoxdur. Diqqətimi çəkən mühüm məqamlardan biri də cənab Prezidentin son çıxışlarında ideoloji aspektə olduqca böyük önəm verməsidir. Dövlət başçımız bu amilə xüsusi vurğu edir və cəmiyyəti ideoloji baxımdan hər keçən gün daha sağlam olmağa səsləyir”.
Ş.Həsənova əlavə edib ki, sülh gündəliyinin irəli aparıldığı bir dövrdə bu məsələnin paralel şəkildə saxlanılması zəruridir:
“Ona görə də ideoloji istiqaməti cəmiyyət olaraq çağırış kimi qəbul etməliyik və gənc nəsli elə bir ruhda tərbiyə etməliyik ki, tariximizi heç vaxt unutmayaq. Bu tarixlə fəxr etməklə yanaşı, həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq ki, bir daha heç bir boşluğa zərrə qədər belə imkan verməyək.
Zəngilan şəhərində də Prezident İlham Əliyev bir daha tarixi xronoloji ardıcıllıqla nəzərdən keçirdi. Vaxtilə Şuşanın, Laçının və Kəlbəcərin erməni işğalına necə məruz qalması faktını diqqətə çatdırdı.
Azərbaycanı vətəndaş müharibəsinin caynağından qoparan Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması, eləcə də 44 günlük Vətən müharibəsi dövründə xalqın Prezident İlham Əliyevə verdiyi şəksiz dəstək dövlətlə xalq arasında sarsılmaz birliyin formalaşmasını təmin etdi.
Cənab Prezident İlham Əliyev ATƏT-in keçmiş Minsk qrupuna həmsədrlik edən ölkələrin passiv diplomatiyasını bir daha vurğuladı. Habelə “İskəndər-M”, “Skad” və digər uzaqmənzilli ballistik raketlərin adını çəkməklə dövlət başçımız öz mövqeyini zamanında, yerində və qətiyyətlə ortaya qoydu.
Dövlət başçımız bu məqamda onu da diqqətə çatdırdı ki, Azərbaycan xalqı hər zaman çörək verən xalq olub. Ermənistan mövcud daxili vəziyyətdə, atdığı addımlarda və verəcəyi taleyüklü qərarlarda bu reallığı nəzərə almalıdır.
Cəbrayılı da, Zəngilanı da, digər torpaqlarımızı da Ermənistan talan etmişdi. Azərbaycan isə qurur, yaradır. Məhz bu amilin özü həmin torpaqların kimə məxsus olduğu ilə bağlı bütün suallara ən tutarlı cavabdır”.
















