“Report”un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb.

Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi “VAZ-2121” markalı avtomobillə işə gedirmiş.

Bu zaman 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillə toqquşma baş verib.

Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıb.

Hadisədən xəbər tutan Z.Mahmudovun qardaşı Azər Mahmudov öz maşını ilə hadisə yerinə gedən zaman idarə etdiyi avtomobili maneə çırpıb və ağır xəsarət alıb.

Hadisələrdə yaralananlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

***

Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yol qəzası zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edirdi.