Cəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar “20 YANVAR – QANLI VƏ ŞANLI TARİXİMİZ” mövzusunda tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər.
Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və
yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi, müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

















