6 mart 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları və ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik etmiş, və qeyd etmişdir ki, Azərbaycan qadınları iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıblar. Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun. Azərbaycan qadını öz zəhməti ilə xalq təsərrüfatının, tibbin, elmin, ictimai fəaliyyətin önündə gedir. Azərbaycan qadınları azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidirlər. Eyni zamanda Azərbaycan qadını 44 günlük Vətən müharibəsində, haqq savaşında şəhid olmuş Vətən oğullarının anasıdır, bacısıdır, həyat yoldaşıdır.
Respublikamızda olduğu kimi Cəlilabadın da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Rayonumuzda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhvələrini veriblər.
Çıxış edənlər öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.
Daha sonra rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup qadın Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuş, hədiyyələr və gül təqdim edilmişdir.
