Zəngəzur dəhlizi haqqında tez-tez yazıram. Mənim baxışıma görə, hazırda Azərbaycan və Türkiyənin, bütövlükdə Türk dünyasının qarşısında duran əsas məsələ budur…
Qərb mediası da bu məsələyə xüsusi diqqət ayırır…
“Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var. İlkin mərhələdə hansısa özəl beynəlxalq təşkilat dəhliz deyilən kommunikasiya xəttinə nəzarət etməlidir”, – “APRI Armenia” analitik mərkəzinin analitiki Sergey Melkonyan Azadlıq Radiosunun erməni xidmətinə (ingilisdilli) bildirib
“Ona (Zəngəzur dəhlizinə) dəhliz deyilməyəcək, amma İranda oranın dəhliz olacağını çox yaxşı başa düşürlər.
Əvvəlcə hansısa beynəlxalq özəl şirkət ora (Zəngəzur dəhlizinə) nəzarət edəcək. Sonra birgə nəzarət həyata keçiriləcək. Azərbaycan yavaş-yavaş (etnik azərbaycanlıların) ora (yəni Zəngəzura) köçürülməsini həyata keçirəcək və İran Ermənistanla sərhədini itirəcək”, – deyə Melkonyan Zəngəzur dəhlizi ilə bağlı Xamneinin bəyanatını şərh edərkən bildirib.
Ayətullah Xamenei Nikol Paşinyanla görüşündə deyib: “İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır”.
Göründüyü kimi, erməni siyasi analitiklər Zəngəzur dəhlizi məsələsində tərəflər arasında ilkin razılaşmanın olduğunu bildirirlər.
Yeri gəlmişkən, bugünlərdə cənab Ərdoğan demişdi ki, Zəngəzur dəhlizinin açılması prosesin müsbət sonluqla bitməsi üçün “son addım olacaq”.
Elbəyi Həsənli,
Zürix