Dedilər, bu üç-dörd gündə sən nə qədər qocalmısan… İndi mən beləyəm, mənim yoldaşımın halını siz fikirləşin. Yoldaşımla danışırıq, o danışır, mən ağlayıram, o ağlayır.
– Leyla xanım, Ravil necə ailə başçısı idi?
– Bizim hər işimiz birlikdə idi. Bazarlığa da bir gedirdik, gəzməyə də. Gəzməyə meylli adam idi. Mən də eləyəm. Həftədə bir dəfə evdə olanda, deyirdi, yığışın gedək gəzməyə. Həyatın gözəlliklərindən zövq almağı xoşlayırdı. O, mənə qarşı yüngülvarı pis davransaydı, bəlkə də mən onun üçün bu qədər yanmazdım. Amma nə qədər fikirləşirəm, görürəm, yaşadığımız illər ərzində bir dəfə də olsun mənim xətrimə dəyməyib. Mənə və uşaqlara qarşı çox diqqətli, anlayışlı, qayğıkeş adam idi. Uşaqlarımızdan doymurdu. Şəmsin 3 yaşı var, Melisanın isə beş ayı tamam olub. O, əvvəldən deyirdi ki, qızımız olsun. Qız uşaqlarını çox istəyirdi. Qızlarımız da olanda, xoşlayırdı onların saçlarını yığsın, onlarla oynasın. Ümumiyyətlə, Ravil mənə mətbəxdə, ev işlərində çox kömək edirdi.
Leyla Ravildən danışır, danışdıqca da gözlərinin içi gülür. Hər şeyi sanki o, sağmış kimi nəql edir. Fikrə gedir, nələrisə xatırlayır. Diqqətlə ona baxıram, onu Ravilin şəkillərinə baxıb baxmadığını sezməyə çalışıram. Amma Leyla öz aləmindədir. O, elə hey keçmişdən, xoş günlərindən danışır:
– “Fəryad” filmini çox sevirdi. Xüsusən, orda sonra çalınan musiqiyə tez-tez qulaq asırdı, deyirdi, bu mahnı adamı qələbəyə səsləyir, ruhlandırır. Hətta mən o musiqi ilə Ravilin şəkillərindən ibarət video kollaj hazırlamışdım. İkinci Qarabağ müharibəsinin iştirakçısı olub Ravil. Özü də bilirsiniz ki, əslən qarabağlı idi. Cəbrayıl azad olunanda o qədər sevinmişdi. Yanvarın 10-da onun ad günü idi. Cəbrayıl işğaldan azad olunandan sonra Cəbrayıla gedib evlərini, doğulduğu xəstəxananı tapıb şəkil çəkdirmişdi. Canlı video zəng edib bizimlə oradan danışmışdı.