Putinin xəstəlikləri, ona müxalif qruplar və s. haqda məlumatların dəqiqliyi sual altındadır…”

Buna inanmaq da olar, inanmamaq da. Bu, həm də kimin cəbhənin hansı tərəfində olmasından asılıdır…”
Son günlər guya Kremldə Rusiyanın hərbi-siyasi elitasında parçalanmalar baş verməsi, artıq Rusiya diktatoru Putinə qarşı ciddi qruplaşmaların yaranması, eləcə də Kreml rəhbərinin səhhətindəki problemlərin dərinləşməsi və s. haqda informasiyalar daha sürəklə yayılır. Ukrayna kəşfiyyat mənbələrinə əsaslanan bəzi Britaniya nəşrləri  Putinin çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağından qorxduğundan Moskvada təhlükəsizliyi gücləndirmək üçün Rusiya ordusunun 18 minlik elit birliyinin yerləşdirilməsi, şəhərdə xüsusi postlar qurulması və hətta şübhəli hərbçilər arasında həbslər aparılması və s. haqda məlumatlar yaymaqdadır… Bəs görəsən, hazırkı  Rusiya liderinin çevriliş və ya digər yollarla hakimiyyətdən uzaqlaşdırılması ehtimalı nə qədərdir? Bu, tezliklə reallaşa bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
“Bilirsiniz, Rusiya daxilində, xüsusən də Kremldə gedən proseslər haqda dəqiq və rəsmi məlumatlar yayılmır. Bu, aydındır. Digər tərəfdən isə müəyyən sızmalar  hərbi-siyasi təbliğatın, informasiya müharibəsinin bir elementi ola bilər. Bu baxımdan Putinin səhhəti, xəstəlikləri, eləcə də ona müxalif olan qüvvələr və s. barədə məlumatlar sızır.  Onların mənbəyi və dəqiqliyi də sual altındadır. Buna inanmaq da olar, inanmamaq da. Bu,  həm də kimin cəbhənin hansı tərəfində olmasından asılıdır…
Moskvaya xüsusi təyinatlı diviziyanın yerləşdirilməsi haqda  məlumatlara mən də rast gəldim. Ancaq davamını, heç olmasa, vizual təsdiqini görə bilmədim. Yəni belə bir olay doğrudan da baş veribsə, məsələn, Moskvada xüsusi postların qurulmasını təsdiq edən, azı, foto-görüntülər yayılmalıdır. Görünür, bu da hansısa informasiya savaşının tərkib hissəsidir… Bir sözlə, təkrar edirəm ki, Putinin səhhəti, xəstəlikləri, eləcə də ona müxalif olan qruplaşmalar və s. barədə məlumatların mənbəyi və dəqiqliyi də hələ ki, sual altındadır…”
Exit mobile version