Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Sinoptik bildirib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir: “Yanvarın 12-dən 13-nə keçən gecə və səhər havanın 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8° enərək, 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq”.
G.Məmmədova əlavə edib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur: “Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur”.