“Real Madrid” Fransa millisinin və “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni 2024-cü ilin yanvarında öz sıralarında görmək istəyir.
Obyektivtv.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Real Madrid”in prezidenti Florentino Peres Mbappe ilə birbaşa əlaqə saxlayır. Lakin futbolçunun maaşı məsələsi hələ də açıq qalır.
Bildirilir ki, fransalı ispan klubunda hazırda komanda liderlərinin qazandıqlarından iki dəfə çox pul qazanmaq istəyir. “Real Madrid”də ən yüksək maaş alan futbolçu isə hazırda ildə 17-20 milyon avro qazanır.
Qeyd edək ki, 2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirmişdi. Ancaq nəticədə İspaniya klubuna səs-küylü transfer baş tutmadı. Mətbuatın yazdığına görə, buna səbəb forvardın PSJ-dən sadiqlik bonusları almaq istəyi olub və nəticədə fransız futbolçu Madrid klubuna keçməkdən imtina edib.
Xatırladaq ki, bu mövsüm Mbappe “Liqa 1”də 15 matçda iştirak edib. O, bu matçlarda beşi penaltidən olmaqla 18 qol vurub və iki məhsuldar ötürmə edib.
2023-cü ilin oktyabr ayının sonunda Mbappe “Qızıl top” üçün səsvermədə müvafiq olaraq Erlinq Holand və Lionel Messidən sonra üçüncü olub.