İrandakı “ox”lar: Hədəfdə olanlar, hakim elitadakı “gizli əl”lər, ali mənsəb uğrunda çəkişmə – TƏHLİL

Teokratik rejimin qaymaqları, yəni yuxarı təbəqə mühafizəkar ictimai-siyasi nizamı saxlamaqda maraqlıdır, çünki bu, onların sərvət toplaması, varlanması və hakimiyyəti konservativ əsaslarla bərkitməsi üçün əlverişli şərtlərin məcmusudur.

Orta təbəqə hakimiyyətə müxalif dairələrin əlinin güclənməsinə rəvac verir, lakin onun ali lider seçilməsi prosedurlarında rolu yoxdur, yəqin, buna görədir ki, hakimiyyət iyerarxiyasının postulatlarında dəyişikliyə nail olmaq hədəflənir.

Lakin orta təbəqə İslam İnqilabından sonrakı periodda hakimiyyətin dayaqlarını laxladan seysmik dəyişikliklərin müəllifinə çevrilə bilməyib, ideologiya cəhətdən liberal cəhətləri özündə birləşdirsə də, o, sosial-siyasi imtiyazlarını gücləndirmək niyyətlərini güdür.

İranda orta təbəqənin hakimiyyətdəki “nümayəndələri” də var, yəni gərgin situasiya onlara hakimiyyət nərdivanında daha üstün pillələrə çıxmaq üçün vasitələr toplusuna çevrilir.

İstər mühafizəkar, istərsə də liberal xətt tərəfdarlarının arasında isə SEPAH kimi güc “incə balans”la dayanır və o, proseslərə yön verir, tənzimləyir, İranın “qırmızı xət”lərinin aşılmasına imkan verməmək şərtilə gah o tərəfə, gah da bu tərəfə əyilir.

Seyid Əli Xamenei əcəl yaşı çatmaq həddinə qədər yaşlanıb, ara-sıra onun ölüm xəbərinin yayılması da iqtidardakı ali mənsəb hərislərinin nəbz yoxlamaq məqsədli əl işi ola bilər.

İrandakı ucalan etiraz səslərinin xarici qüvvələrlə harmoniyasını ölkənin xarici siyasət kursundakı elementlər formalaşdırır, proses isə təbii şəkildə baş tutur.

İranın beynəlxalq nizama baxışı qlobal gücün iki oxuna əsaslanır. Tehran elə düşünür ki, dünyadakı liberal nizam dağılır və ABŞ-ın hegemonluğu azalır. Buna görə də Rusiya və Çin mərkəzli nizam İran dövlətinin gözündə yüksələn ox kimi görünür. Bununla da İran “nə Şərq, nə də Qərb” konsepsiyasından əl çəkərək Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır.

İslam Respublikasının belə duruşu, təbii ki, onun Qərbdəki rəqiblərinin, əsasən də, ABŞ və Britaniyanın gözündən yayınmır, bura İsrail amilini də əlavə etsək, vəziyyət ən qəliz labirintə doğru itələnir. Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir.

NƏTİCƏLƏR:

1. İranın böyük planlardakı yeri ölkədəki hakimiyyət kürsülərini ələ keçirmək üçün fürsətlər təqdim edir;

2. İrandakı hakim siyasi elitanı SEPAH qoruyur, lakin situasiya dəyişərsə, SEPAH öz qaranlıq tərəflərinin üzə çıxmaması şərtilə mövqeyini dəyişə bilər.

Exit mobile version