İrandakı aksiyalar fars rejiminin sonunu gətirəcəkmi? – AKTUAL
İranda 22 yaşlı gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində başlayan etiraz aksiyaları artıq ikinci həftəsinə qədəm qoyub.
Hazırda 80-dən artıq şəhərdə davam edən aksiyalarda qadınlar örpəklərini və hicablarını yandırır, qəzəbli kütlə islam inqilab liderlərinin, dövlət rəhbərlərinin əleyhinə şüarlar səsləndirir, polislərlə qarşıdurmaya girirlər. Rejim gücləri ilə vətəndaşlar arsında baş verən qanlı toqquşmalarda onlarla şəxsin öldürüldüyü bildirilir.
İranın Dövlət televiziyalarında yayımlanan xəbərlərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besiç” əməkdaşları da daxil olmaqla 41 nəfər həyatını itirib. Ancaq İrandan paylaşılan görüntülər, açıqlanan rəqmlərin dəfələrlə artıq olduğunu deməyə əsas verir. Qeyd edək ki, Güney Azərbaycan şəhərlərinin aksiyalara qoşulmasıyla etirazların miqyası bir qədər də genişlənib.
“AzPolitika.info” bu mövuzyla bağlı Güney Azərbaycandan olan ictimai şəxslərin fikirlərini öyrənməyə çalışıb.
Siyasi şərhçi Məhəmməd Rəhmanifər “AzPolitika.info”-ya şərhində bildirib ki, İranda baş verən aksiyaları ümumiləşdirmək doğru deyil: “Hazırda İranda fərqli millətlər öz etirazlarını ortaya qoyurlar. Bu gün Təbrizdə səslənən şüarlarla, Tehrandakı və ya digər kürd bölgələrindəki şüarlar fərqlilik təşkil edir. Bu gün Təbrizdə, Urmuda, Ərdəbildə -“Azadlıq”, “Ədalət”,“Milli Hökumət” şüarları səsləndirilir. Siz bu şüarları İranın digər bölgələrində görə bilməzsiniz. Bu şüarlar məhz Azərbaycan şəhərlərinə aiddir. Bu onu göstərir ki, Güney Azərbaycan bu davada başqa milləttlərlə birgə hərəkət edir və yeri gələndə öz istəklərini də ortaya qoymağı bacarır”.
Ekspert hazırda Təbriz şəhərində vəziyyətin çox ağır olduğunu bidirir: “Aksiyalar zamanı çoxlu insanlar güllələnib, cəzalandırılıb və həbs ediliblər. 30-dan artıq dövlət bankı dağıdılıb, 10-dan artıq polis maşını və mərkəzi yandırılıb. Ötən gün Azərbaycan şəhərlərində kütləvi həbslər baş verib. Məndə olan məlumatlara görə, Təbrizin bir məhkəməsində 300-dən artıq güneyli fəal həbs edilib. Bunların hamısı tanınmış simalar və siyasi fəallardır. Digər şəhərləridə nəzər alsaq, ümumilikdə 1000 nəfər tanınmış milli fəalın həbsindən söhbət gedir. Ötən gün Kərəcdə Güney Azərbaycandan olan qızın 6 güllə ilə öldürülməsindən sonra Güneydə etiraz səslərinin daha da yüksələcəyi gözlənilir.
Hazırda Güney Azərbaycanın bir çox şəhərlərində -Təbriz, Urmu, Ərdəbil, Mərənd, Zəncan, Əbhər, Qəzvində etiraz aksiyaları keçirilir. Biz bu gün İranda qəqdar bir rejimlə qarşı-qarşıyayıq. Hesab edirəm ki, İran bu aksiyaları zor gücü ilə yatırda bilər. Çünki bu rejim yeri gələndə qan tökməyi və insanları öldürməyi çox yaxşı bacarır. Ona görə də bu aksiyaların İran-fars rejiminin sonunu gətirəcəyini demək o qədər də asan deyil”.
“Bununla belə hesab edirəm ki, İran nə vaxtsa parçalanacaq. Güney Azərbaycan Türk Cümhuriyyəti yaranacaq və bundan sonra vahid Azərbaycanın yaranması istiqamətində addımlar atılacaq”,-ekspert bildirib.
Siyasi şərhçi Məhsa Mehdili isə bildirib ki, İrandakı hərakat müxtəlif xalqların fars rejiminə qarşı eyni tərəfdə yer almasına, birləşməsinə səbəb olub: “Əslində Məhsa Əmininin öldürülməsi bir bəhanə oldu. Bu, bardağı daşıran son damla idi. İran rejimi yanlış xarici və daxili siyasət yürüdərək, öz xalqı üçün siyasi və iqtisadi problemlər istehsal etməklə məşğuldur. Bu problemləri həll etmək üşün isə heç bir mexanizmi yoxdur. İran ölkənin bütün qaynaqlarını xaricdəki radikal qrupların silahlandırlmasına sərf edir. Bu yalnış siyasətin bədəlini isə daxildəki xalqlar ödəyir. Bu siyasət İranda aclıqlara, narkotikin, fahişəliyin yayılmasına və digər bu kimi böhranlara səbəb olur. İndi də bıçaq sümüyə dirəndiyi üçün, insanlar küçələrə axışaraq öz etirazlarını bildirməyə çalışırlar”.Hesab edirəm ki, Güney Azərbaycan hərakatı digər xalqların da qurtuluşuna yol açacaq. Artıq insanlar İran rejimindən qorxmurlar. Bu prosesin İranın süqutuyla nəticələnəciyini demək üçün bir az tezdir. Bunu zaman göstərəcək. Ancaq əminlikə ifadə etmək olar ki, aksiyalar yatırılsa belə, İran rejimi əvvəlki qədər güclü olmayacaq”,- ekspert bildirib.
Siyasi şərhçi Kərim Əsğəri isə İrandakı aksiyaların son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb: “Bu, son 4-5 il ərzində xüsilə də, 2018-ci ildən sonra İranda baş verən üçüncü aksiyadır. Bu aksiyaların digər etirazlardan iki əsas fərqi var. Birincisi, hazırda baş verən aksiyalarda qadınlar ön plandadırlar. İkincisi, İranın digər bölgələrində də aksiyalara dəstək verənlər var. Məsələn, daha öncə Güney Azərbaycanda, ərəb və ya kürd bölgəsində baş verən aksiyalar ayrı-ayrı keçirilirdi. Ancaq hazırda aksiyaların geniş miqyasda yayıldığını və bu dəstəyi görmək mümkündür”.
“Əsas problem odur ki, aksiyalarda ortaq təşkilatçılıq yoxdur. Hər bölgənin öz istəyi, tələbi var. Ancaq istənilən halda, bu aksiyalar İran dövləti üçün bir dərs oldu. Dövlət idarəçiləri bundan sonra ciddi şəkildə düşünməli olacaqlar. Məsələn, əxlaq polisi ilə bağlı ciddi dəyişikilklər ola bilər. Artıq onlar insanların şəxsi həyatlarına istədikləri formada müdaxilə edə bilməyəcəklər.Əgər aksiyalar bu cür davam edərsə, gələcəkdə xarici qüvvələrin də bu prosesə qoşulacağı istisna edilmir. Bu, şübhəsiz ki, İran dövləti üçün çox pis olacaq”,-ekspert bildirib.
“AzPolitika.info”