✅️ Cəlilabadda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bu gün Azərbaycanın bütün bölgələrində 31 mart Azərbaycanlıların soyqırımı günü qeyd olunduğu kimi, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Varid Əsgərov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov, Cəlilabad Bələdiyyəsinin sədri Vahid Mirzəyev və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Varid Əsgərov çıxış edərək qeyd etmişdir ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciəli və soyqırımlar,vandalizmlərlə müşahidə olunan səhifələr də yazılıb.
Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb.
Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə – soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra YAP Cəlilabad Rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov, Cəlilabad Bələdiyyəsinin sədri Vahid Mirzəyev 31 mart soyqırımına dair geniş məruzə ilə çıxış ediblər.
