Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində “ZİL” markalı mikroavtobusun “KamAZ”la toqquşması nəticəsində xəsarət alan 17 nəfərin son durumu açıqlanıb.
Masallı Rayon Mərkəzi Xəstəxanasından “Report”un Cənub bürosuna bildirilib ki, onlardan 12 nəfərin tibb müəssisəsində müalicəsi davam etdirilir.
Xəsarət alanlardan 3 nəfər reanimasiya şöbəsinə, 9 nəfər palataya yerləşdirilib, 5 nəfər ambulator yardım göstərilərək evə buraxılıb.
Reanimasiyada olanlardan birinin bel-fəqərəsi sınıb və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, xəsarət alanlar əsasən, Lənkəran rayonunun İsti-su kənd sakinləridir.
Xatırladaq ki, Lənkəran rayon sakini Mailə Bayramova qəzada aldığı xəsarətlərdən ölüb.
——-
11:03
Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib ki, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi “ZİL” markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
———
09:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Milli.Az-a verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAz ” markalı yük avtomobili və “ЗИЛ” markalı mikroavtobus toqquşub, 6 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar: