Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Konfransın açılışında şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ağsaqqalların cəmiyyət həyatındakı mühüm rolundan danışaraq, onların zəngin həyat təcrübəsinin, müdrik tövsiyələrinin və öyüd-nəsihətlərinin xüsusilə gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ağsaqqalların bundan sonra da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.
Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Digər çıxış edənlər də ağsaqqalların cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.
Akademik Abel Məhərrəmov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, ölkəmizdə ağsaqqallara göstərilən dövlət qayğısından, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqamətlərindən və qarşıda duran vəzifələrdən danışıb. Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını xüsusi vurğulayıb.
Konfransın sonunda təşkilati məsələlərə baxılıb, açıq səsvermə yolu ilə şuranın sədri və idarə heyətinin üzvləri seçiliblər. Ədalət Əsgərov yenidən Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Sonda bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.

















