Bu gün Cəlilabad rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib.
Tədbir torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi yolunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldıqdan sonra başlanılıb.
Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman Azərbaycan ordusunun erməni işğalçılarına qarşı 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb və qeyd edib ki, Aprel döyüşləri bütün dünyaya qüdrətli ordumuzun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərdi. Şanlı zəfərimizə gedən yolun təməlini qoydu.
Aprel döyüşlərində iştirak etmiş igidlərimizdən Məftun İbrahimov və İsmət Əliyev keçdikləri şərəfli döyüş yolundan danışıblar və cinayətkar erməni rəhbərlərinin guya erməni səngərlərinin keçilməz olduğu haqqında uydurduqları mifi alt-üst etdiklərini bildiriblər.
Aprel döyüşlərində şəhid olmuş Royal Nəsirovun atası İmran Nəsirov mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmış oğullarımızla qürur duyduğunu dilə gətirib və şəhid ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısını məmnunluq hissi ilə qeyd edib.
Cəlilabad rayon İcra Hakimiyyəti Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərov, şəhid ataları Mehman Əliyev, Cahangir Qubadov, Füzuli Teymurov, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, DQİDK-nin Cənub bölgəsi üzrə nümayəndəsi Cavidan Rəşidov və başqaları çıxış edərək qeyd ediblər ki, biz torpaqlarımızın işğalı ilə barışa bilməzdik, ona görə də Ali Baş Komandanımız İlham Əliyevin əks-hücum əmri ilə 27 sentyabr 2020-ci ildə igid oğullarımızın şücaəti və sarsılmaz Dövlət-Ordu-Xalq birliyi sayəsində bütün torpaqlatımız erməni faşistlərindən birdəfəlik təmizləndi, Bayrağımız doğma Qarabağımızda yenidən əzəmətlə dalğalanmağa başladı.
Tədbirdən sonra tədbir iştirakçıları rayon rəhbərliyi ilə birlikdə rayonun Məlikqasımlı kəndinə gedərək Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Royal Nəsirovun məzarını ziyarət edib, tər güllər düzüblər və ruhuna dualar oxuyublar.
Xatırladaq ki, Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2 aprel 2016-cı ildə Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən igidlik göstərərək şəhid olmuşdur. Aprelin 9-da Röyal Nəsirovun nəşi doğulduğu Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.
⁹
















