Mayın 4-də Avropa Siyasi Birliyinin “Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” mövzusunda İrəvanda keçiriləcək 8-ci Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı vitse-prezident Cevdet Yılmaz təmsil edəcək. Bu, son 18 ildə Türkiyədən Ermənistana bu səviyyədə ilk rəsmi səfərdir. Səfər çərçivəsində Cevdet Yılmazın Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Obyektivtv.az Globalinfo.az-a istinadən xəbər verir ki,beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısının Ermənistanda keçirilməsi ölkənin Qərblə siyasi inteqrasiyasını və beynəlxalq legitimliyini gücləndirmək səyi kimi qəbul edilməlidir:
“Paşinyan administrasiyasının son illərdə təhlükəsizlik baxımından yalnız Rusiyadan asılı qalmaq istəmədiyi məlumdur. Ermənistanda keçiriləcək seçkilərdən əvvəl Rusiya buradakı təsirini media, iqtisadi və müxalifət kanalları vasitəsilə qorumağa çalışır. Ermənistan təkqütblü deyil, çoxşaxəli xarici siyasət yürütməklə Rusiyaya da bir mesaj göndərir. Bu, Rusiya üçün simvolik olaraq narahatlıq yarada bilsə də, Ermənistanın onunla əlaqələrini tamamilə kəsdiyi anlamına gəlmir. Çünki Ermənistan hələ də enerji, ticarət və təhlükəsizlik baxımından Rusiyadan asılıdır”.
İ.Cingöz bildirib ki, C. Yılmazın İrəvanda keçiriləcək zirvədə iştirakı mühüm siyasi mesajdır:
“18 ildən sonra baş tutan bu səfər, Ankaranın prosesi yaxından izlədiyi mesajını çatdırır. Nikol Paşinyanla gözlənilən görüş Ermənistanın münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı davamlı tələblərini nəzərə alsaq, iki ölkə arasında ticarət, nəqliyyat və regional əməkdaşlıq məsələlərində yeni bir təkan yaradacaq.
Azərbaycanla Ermənistan arasında davamlı sülh, normallaşma və sərhədlərin demarkasiyasından əvvəl Ermənistandan ərazi iddiaları ilə bağlı tələb edilən hüquqi tənzimləmələr var. Amma Ankara öz xoş məramını nümayiş etdirmək üçün Ermənistanda keçiriləcək bu sammitdə iştirak etmək və cənab Cövdət Yılmaz vasitəsilə Paşinyanla görüşmək istəyini göstərir”.
Ekspert qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi irəliləyərsə, Türkiyə-Ermənistan xəttində də sürətli normallaşma baş verəcək:
“Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Azərbaycanla Ermənistan arasındakı dialoqdan və münasibətlərdən asılıdır. Nəticə etibarilə, cənab Cövdət Yılmazın səfəri yalnız ikitərəfli məsələ kimi deyil, həm də Qafqazda yeni tarazlıq axtarışının bir hissəsi kimi şərh edilməlidir. Türkiyə həm regional sülhdə rol oynamaq, həm də Ermənistanı daha balanslı bir xəttə doğru yönəltmək istəyir.
Digər tərəfdən, Ermənistan təcrid vəziyyətindən çıxmaq və alternativ tərəfdaşlar qazanmaq istəyir. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, Türkiyə ilə münasibətlər normallaşacaq və Ermənistanın Qafqaz regionunda ən yaxın münasibətlər quracağı ölkələr, şübhəsiz ki, bu iki ölkə olacaq. Və bu, onun təcriddən çıxmaq yolu olacaq”.
İ.Cingöz əlavə edib ki, Çin və Böyük Britaniya arasında qurulan və Türkiyə ilə Azərbaycanın lokomotiv olduğu yeni dünya sistemində Türküstan bölgəsi də mühüm yer tutur:
“Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa, yeni dünya sistemindən əhəmiyyətli üstünlüklər əldə edəcək. Buna görə də Paşinyanın Rusiyanın hegemonluğundan qurtularaq Türkiyə və Azərbaycanla davamlı sülh istədiyi aydın olur. Əks təqdirdə, uduzan ölkə Ermənistan olacaq”.
