Martın 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı, “Furqan” şirkətinin sponsorluğu, Lənkəran-Astara Regional Təhsil və Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin tərəfdaşlığı ilə “8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Yaradıcı zərif əllər” adlı festival keçirilib.
Festival çərçivəsində qonaqlar Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş infoturda iştirak edərək müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra qonaqlar qızlardan ibarət komandalar arasında basketbol idman növü üzrə final oyununu izləyib, müxtəlif təşkilatlar tərəfindən təşkil olunmuş xanımların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və Ümummilli lider Heydər Əliyevin, eləcə də respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən qonaqlar iştirakçıları salamlayaraq 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs ediblər.
Daha sonra festival çərçivəsində təşkil olunmuş sərgidə əl işlərinə görə fərqlənən gənc xanımlara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri və “Furqan” şirkətinin hədiyyələri təqdim olunub.
Festival bədii hissə ilə davam edib, incəsənət ustalarının ifasında səsləndirilən musiqi nömrələri tədbir iştirakçılarına xoş əhval ruhiyyə bəxş edib.
Tədbirin sonunda xatirə şəkili çəkilib.
Tədbirdə 850 nəfər iştirak edib.
